Yarım Final
Turnirin ikinci yarı final qarşılaşması da futbolsevərlərə böyük həyəcan vəd edir. Finalın ikinci iştirakçısını müəyyənləşdirəcək oyunda Novarro Academy ilə Gənclərbirliyi saat 21:00 qarşı-qarşıya gələcək. Hər iki komanda yarı finala qədər fərqli oyun üslubu nümayiş etdirsə də, onları birləşdirən əsas məqam inamlı çıxışları və qələbə əzmi olub.
B qrupunun təmsilçisi Novarro Academy pley-off mərhələsində ilk sınağını Harop MFK qarşısında verdi və 2:1 hesablı qələbə ilə növbəti mərhələyə adladı. 1/4 finalda isə turnirin ən dramatik oyunlarından birində 4US ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurdu. Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olundu və Novarro Academy burada daha dəqiq çıxış edərək 4:3 hesablı qələbə ilə yarı final biletini qazandı.
Digər tərəfdə isə turnirin ən məhsuldar komandalarından biri olan Gənclərbirliyi yer alır. H qrupundan pley-off mərhələsinə vəsiqə qazanan komanda yüksək hesablı qələbələri ilə hər kəsin diqqətini üzərinə çəkib. İlk pley-off oyununda Aesir komandasını 6:1 hesabı ilə darmadağın edən Gənclərbirliyi 1/4 finalda da sürətini azaltmadı. Komanda Albion üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yarı finala adını yazdırdı.
İndi isə bütün diqqətlər bu maraqlı qarşılaşmaya yönəlib. Bir tərəfdə çətin oyunlardan üzüağ çıxan, lazım gəldikdə penaltilərdə sözünü deyən Novarro Academy, digər tərəfdə isə rəqiblərinə böyük hesablarla qalib gəlməyi sevən və hücum futbolu ilə seçilən Gənclərbirliyi. Hansı oyun üslubunun üstün gələcəyini isə yalnız final fiti müəyyən edəcək.
Beləliklə, turnirin yarı final mərhələsində futbolsevərləri iki möhtəşəm qarşılaşma gözləyir:
Dörd komanda fərqli oyun üslubu, fərqli güclü cəhətləri və eyni hədəflə meydana çıxacaq – finala vəsiqə qazanmaq. Kimisi hücum futboluna, kimisi döyüşkən xarakterinə, kimisi isə həlledici anlarda göstərdiyi soyuqqanlı oyuna güvənir. Bizdə bütün yarımfinalçılara uğurlar arzulayır, futbolsevərlərə isə bol mübarizə, gözəl qollar və son fitə qədər davam edəcək unudulmaz oyunlar diləyirik. Qoy ən yaxşı oynayan qalib gəlsin və turnirin finalına layiq olan komandalar vəsiqə qazansın!