1/4 Final
Günün ilk oyunu Marmara Group və Eskulap arasənda oynandı.Marmara Group komandası oyunun ilk hissəsində tempə tam nəzarət edərək üstün oyun nümayiş etdirdi və fasiləyə 3:0 hesablı üstünlüklə yollandı. İkinci hissədə isə Eskulap komandası toparlanaraq daha fəal çıxış etdi və iki qol vurmağı bacardı. Buna baxmayaraq, onların əzmkar geri dönüş cəhdi matçın taleyini dəyişməyə kifayət etmədi. Qarşılaşma Marmara komandasının 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Günün növbəti qarşılaşması isə azarkeşlərə daha da gərgin mübarizə və həyəcan bəxş etdi. Gilli ilə Elitar arasında keçirilən oyunda ilk hissəni Elitar komandası 1:0 hesablı üstünlüklə başa vurdu. Fasilədən sonra üstünlüyü tamamilə ələ alan Gilli komandası təzyiqi artırdı və komandanın kapitanı SəmədAğa uzaq məsafədən vurduğu möhtəşəm qolla hesabı bərabərləşdirdi. Əsas vaxt qalibi müəyyən etmədiyindən matçın taleyi penaltilərdə həll olundu. Penaltilər seriyasında daha dəqiq oynayan Gilli komandası 4:3 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəldi.
Həyəcan bununla da bitmədi. Novarro ilə 4US arasında baş tutan qarşılaşma turun ən dramatik oyunlarından biri oldu. İlk hissə 2:2 hesabı ilə yekunlaşdı. İkinci hissədə də tərəflər bir-birinə güzəştə getməyərək oyunu 3:3 hesabı ilə başa vurdular. Qalib yenə penaltilər seriyasında müəyyənləşdi və Novarro komandası 4:3 hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırdı.
Turun son qarşılaşmasında isə Gənclər Birliyi ilə Albion komandası arasında oynandı. Albiona qarşı ilk hissədə hesab açılmasa da, ikinci hissədə Məhəmməd Həsənov hesabı açdı. Ardınca Həsən Süleymanov və Şayan Kərimi də fərqlənərək komandasının üstünlüyünü daha da artırdılar. Gənclər Birliyi rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.
Beləliklə, Marmara, Gilli, Novarro və Gənclər Birliyi uğurlu çıxışları ilə yarımfinala vəsiqə qazandılar. Tur boyunca erkən üstünlüklər, əzmkar geri dönüşlər, penaltilər seriyasında yaşanan həyəcan və inamlı qələbələr azarkeşlərə yaddaqalan futbol axşamı yaşatdı.