“Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Azərbaycan Minifutbol Federasiyasının (AMF) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib.
Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, AMF-in baş katibi Orxan Hüseynov, Şəki Peşəkar Futbol Klubunun təsisçisi Elgün Hüseynov, Modern Hospital şirkətinin direktoru Taryel Ömərov, Kirpi Tekstil və Djevo markasının həmtəsisçisi və direktoru Cavid Salayev, həmçinin Moon Group şirkətinin təsisçisi Ruslan Quliyev çıxış ediblər.
QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov turnirin artıq 5 ildir uğurla təşkil olunduğunu qeyd edib. O, 23 noyabr tarixində start götürəcək çempionat barədə ətraflı məlumat verib, turnirin yenilikləri, qaydaları və iştirakçı komandalar barədə iştirakçıları məlumatlandırıb. Daha sonra püşkatma nəticəsində komandaların qrupları müəyyənləşdirilib.
Artıq ənənə halını alan "Marsol Minifutbol Turniri” bu il də böyük maraqla qarşılanıb.
Turnirin baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru Modern Hospital, forma sponsoru Djevo Sport, promo tərəfdaşı isə ənənəvi olaraq Moon Group şirkətidir.
Turnirin nəticələrinə əsasən qalib gələn komanda 10.000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq. İkinci yerin sahibi komanda tərkibində "Marxal Resort & Spa”da qonaqlama imkanı əldə edəcək. Üçüncü yerin qalibləri, həmçinin turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.