Üçüncülük Uğrunda Mübarizə
Turnirin üçüncülük uğrunda qarşılaşması isə Gilli FC və Gənclərbirliyi MFK komandaları arasında baş tutdu.
Oyuna inamlı başlayan Gilli FC ilk hissədə üstünlüyü tamamilə öz əlində saxladı. Hücumda effektiv oyun nümayiş etdirən komanda yaratdığı imkanlardan maksimum yararlanaraq fasiləyə 2:0 hesablı üstünlüklə yollandı.
İkinci hissə daha gərgin və mübarizəli keçdi. Qarşılaşmanın 24-cü dəqiqəsində Gənclərbirliyi MFK-nın futbolçusu Vahid Həsənov fərqlənərək hesab arasındakı fərqi minimuma endirdi – 2:1. Lakin bu qolun yaratdığı motivasiya uzun çəkmədi. Gilli FC-nin hücumçusu Əliheydər Quliyev komandasının növbəti qolunu vuraraq hesabı 3:1 etdi və komandasını yenidən rahat vəziyyətə gətirdi.
Oyunun son dəqiqələrində Vahid Həsənov ikinci dəfə adını tabloya yazdıraraq hesabı 3:2 etsə də, bu qol Gənclərbirliyi MFK-nı məğlubiyyətdən xilas etməyə kifayət etmədi.
Beləliklə, maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada Gilli FC rəqibini 3:2 hesabı ilə məğlub edərək BİZON Student Cup IV turnirinin bürünc medalına və üçüncü yerə layiq görüldü.
Turniri üçüncü yerin sahibi Gilli FC komandası da nümayiş etdirdiyi əzmkar mübarizəyə görə xüsusi olaraq 1000 AZN pul mükafatı ilə mükafatlandırıldı.